Fərman Qasımov: “Azərbaycanlıların Ermənistanda qoyub gəldikləri ərazilər Qarabağın ərazisindən 2 dəfə böyükdür”

1828-ci ildə İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra erməniləri kütləvi şəkildə bu torpaqlara köçürməyə başladılar. Çox qısa müddətdən sonra ermənilər və onların havadarları bu torpaqların əzəli sakinləri olan azərbaycanlılara qarşı soyqırım və deportasiya həyata keçirdilər. 1905, 1015, 1918-20, 1937, 1947-53 və nəhayət 1988-91-ci illərdə indiki Ermənistan ərazisindən yüzminlərlə azərbaycanlı deportasiya olundu. 28 il əvvəl, 1988-ci ilin oktyabr-noyabr aylarından etibarən ermənilər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların sonuncu deportasiyasına başladılar. Əslində isə yüz minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından deportasiya edilməsi, ermənilərin 19-cu əsrin əvvəlindən başlayaraq xalqımıza qarşı həyata keçirdikləri soyqırım siyasətinin davamı və gələcəkdə həyata keçirəcəkləri daha dəhşətli qırğınların başlanğıcı oldu. 1988-ci ildə azərbaycanlıların indiki Ermənistan ərazisindən sonuncu deportasiyası zamanı 261 azərbaycanlı kənd və qəsəbə boşaldılıb. Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində soydaşlarımızın sayı 250 min nəfərdən çox olub. Həmçinin 1988-1991-cu illər deportasiya və soyqırım zamanı 227 soydaşımız ermənilər tərəfindən öldürülüb, 400 nəfərdən çox adam yaralanıb. 1988-ci ilə qədər indiki Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv. km təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv. km) təqribən 3 min kv. km artıqdır. Ermənistanın Mehri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Soyqırım və deportasiya tariximizin ən faciəli dönəmlərindən olan bu hadisələr barədə daha ətraflı məlumat almaq üçün həmin hadisələrin canlı şahidi və indiki Ermənistan ərazisini sonuncu tərk edən Nüvədi kəndinin sakinlərindən birinə - kənd orta məktəbinin müəllimi Fərman Qasımova müraciət etdik.

- Fərman müəllim, Azərbaycanlıların indiki Ermənistan ərazisindən sonuncu deportasiyası necə baş verdi? Sizə elə gəlmir ki, çox qısa müddətdə yüz minlərlə insanı deportasiya etmək ciddi hazırlıqdan xəbər verir...

- 1988-ci ilin noyabr ayının 22-dən başlayaraq 3-4 günün içərisində bütün azərbaycanlılar eyni ssenari üzrə Ermənistandan qovuldular. Xain qonşular on illərlə ciddi və gizli şəkildə təşkilatlanaraq, o zamankı SSRİ rəhbərliyində havadarlar tapıb onlara arxalanaraq 1988-ci ilin əvvəlindən öz məkirli planlarını həyata keçirməyə başladılar. Əvvəl Dağlıq Qarabağda təşkil edilən mitinqlər və Ermənistana birləşmək çağırışları, daha sonra da bu iki millətin birlikdə yaşamağının guya mümkün olmadığını dünyaya göstərmək üçün özlərinin təxribat məqsədilə törətdikləri “Sumqayıt hadisələri” təşkil edildi. İlk zamanlar bunları dərk etmək o qədər də asan deyildi. XX əsrin əvvəllərində və ortalarında xain, “daşnak ermənilərin” xalqımızın başına gətirdikləri də tarixi sənədlərdə öz əksini tapmışdır.

- Azərbaycanlılar sonradan Ermənistan adlandırılan və əsrlər boyu yaşadıqları öz doğma yurd-yuvalarından çıxmaya bilərdilərmi?

- Təsəvvər edin ki, Ermənistanın hər rayonunun hüquq-mühafizə orqanlarının, partiya rəhbərlərinin yanında dayanan silahlı erməni quldur dəstələri əhalini xəbərdar edirlər ki, qısa müddətdə evlərinizi tərk etməsəniz üzərinizə hücum olacaq və onda biz günahkar olmayacağıq, çünki biz xəbərdarlığımızı etdik...

Bu sözlər rayon rəhbərliyinin yanında, həm də müxtəlif silahlar nümayiş etdirilərək deyilirdisə o zaman kimə ümid etmək və bel bağlamaq olardı?

O dövrdə hər cür vandalizmlə üzləşərək Ermənistandan qovulan insanların faciəsini gözlə görmək lazım idi...

Tək bircə kəndin - əzəli türk yurdu olan, Araz çayı sahilində yerləşən Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərə qısa müddətdə təşkilatlanaraq vətənlərini tərk etməmək qərarına gəldilər. Bu mübarizə çox uzun və ağrılı-acılı oldu və 1991-ci ilin 8 avqust tarixinə qədər davam etdi... Ancaq təəssüf ki, digər azərbaycanlı kəndlərinin taleyini Nüvədi də yaşamalı oldu.

- Yəqin ki, həmin dövürdə rəsmi Moskvanın ermənilərə dəstəyi də açıq şəkildə hiss olunurdu?

- Maraqlıdır ki, dünyaya meydan oxuyan SSRİ dövlətinin rəhbərliyi öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək fikrinə də düşmədi, əksinə hadisələrin sonrakı gedişində də ermənilərə planlarını həyata keçirmək üçün yardım etdi. Görünür erməni təşkilatları SSRİ-ni dağılmağa doğru aparan qüvvələrlə sövdələşmələr aparırmış...

Kənd boşalandan az sonra Moskvada nəşr olunan “Novaya znamya” jurnalının müxbiri Meğri rayonunun erməni rəhbərliyindən müsahibə götürərək dərc etdirmişdi. Biz həmin dövrdə Azərbaycan Respublikasının Zəngilan rayonunda çadırlarda yaşayırdıq. Moskvadan oraya bizim yanımıza bir neçə nəfər guya insan haqları ilə nəşğul olan şəxslər gəlmişdilər. Onlardan biri jurnalist idi və “Novaya znamya” jurnalında dərc olunan həmin müsahibəyə olan iradlarımı bildirdim. Meğri rəhbərliyi deyib ki, nüvədililərə heç kim heç nə demədi, özləri yerlərini tərk etdilər. Mən bildirdim ki, müxbir sağlam düşüncəli və obyektiv olsaydı məqalənin sonunda heç olmazsa bu fikri yazardı: “Əgər nüvədililər özləri kəndi tərk edirdilərsə bəs onda nə üçün 3 il bütün mərhumiyyətlərə dözərək orada qalıblar?” Təbii ki, jurnalist deməyə söz tapmadı.

- Nüvədi kəndinin işğalı Azərbaycanı iki yerə ayıran ərazinin bir qədər də genişlənməsi, uçurumun daha da dərinləşməsi demək idi...

- Azərbaycanı iki yerə ayıran Meğri rayonu Nüvədi və digər azərbaycanlı kəndlərinin əraziləri hesabına yaradılmışdı. Azərbaycanın Zəngilan və Ordubad rayonları arasında olan 46 kilometrlik bir ərazinin 26 kilometri Nüvədi kəndinin ərazisi idi. Bu kənd Azərbaycanın Qarabağ xanlığının Zəngilan ərazisi bölğüsünə daxil olub. 18 fevral 1929-cu il tarixində Zaqafqaziya Federativ Sovet Sosialist Respublikası rəhbərliyinin iclasında Nüvədi və bir neçə digər kəndlərin ərazilərinin Ermənistana verilməsi qərara alınıb.

Məqsəd aydındır - Azərbaycanı iki yerə ayıran Meğri rayonunu yaratmaq. O dövrdə tarixi şərait mürəkkəb olduğu üçün bu məqsədin qarşısını almaq mümkün olmamışdı.

Azərbaycanlıların Ermənistanda qoyub gəldikləri ərazilər Dağlıq Qarabağın ərazisindən 1,5-2 dəfə böyükdür. Ermənistan hansı haqla Azərbaycan ərazisində 2-ci bir erməni dövləti yaratmaq istəyir. Əgər millətlərini elə çox sevirlərsə Qarabağ ermənilərini Azərbaycanın torpaqları hesabına yaradılmış Ermənistanın azərbaycanlılardan boşaldılmış ərazilərində yerləşdirsinlər. Nüvədililər 1988-91-ci illərdə SSRİ rəhbərliyinə, “Azadlıq” radiosu vasitəsilə beynəlxalq təşkilatlara müraciətlər etdilər. Biz o zaman da, indi də tarixi ədalətin bərpa olunmasını istəyirik. Nüvədi nüvədililəin olmalıdır...

A.C.

DİGƏR XƏBƏRLƏR

Top