“Şöhrət”im də olsaydı...

Ünvanını dəqiq bilmədiyimizdən qapının zəngini, belə demək olarsa, qorxa-qorxa basdıq. Az keçmişdi ki içəridən “gözləyin, indi açıram” sözlərini eşitdik. Deyəsən, səhv etməmişdik... Qapı açılan kimi əlil arabasında oturmuş kişi bizi içəri dəvət etdi... Bu, nurani qoca Xalq artisti, Əməkdar müəllim, Prezident təqaüdçüsü, xalq rəslərimizin mahir ifaçısı Böyükağa Məmmədov idi. Ömrünün doxsanıncı baharını qarşılamağa hazırlaşan Böyğağa Məmmədovla söhbətimizdə onun keçdiyi mənalı həyat yoluna “səyahət” etdik.

- Böyükağa müəllim, necəsiniz?

- Şükür Allaha, yaşa görə özümü yaxşı hiss edirəm. Bir də kimsəyə yük deyiləm. Bilmirəm, bilirsiniz, ya yox, mən həm də prezident təqaüdçüsüyəm axı. Buna görə min manat alıram. Allah min bərəkət versin.

- Dost-tanışlar sizə baş çəkirlərmi?

- Dostlarımdan həyatda qalan var ki? Mənim də gələn il yanvarın 23-də 90 yaşım tamam olacaq. Tanışlara qaldıqda, onlardan kimi mənə baş çəkir, kimi də telefonla əhvalımı soruşur. Yenə sağ olsunlar, darıxmağa qoymurlar.

- Deyəsən, nəslinizin ən yaşlısı sizsiniz...

- Hə, elədir. Onu da deyim ki, bizim nəsildə uzunömürlülər çox olub. Atam 89 yaşında vəfat edib.

- Allah sizə ömür versin... Böyükağa müəllim, ötən illəri yada salanda ən çox nə ilə təskinlik tapırsınız?

- Ömrümü Azərbaycan rəqs sənətinə həsr etmişəm. Yetirmələrimdən 14 nəfər Əməkdar (Kamil Dadaşov, Qorxmaz Qurbanov, Ramiz Məmmədov, Ramiz Eynullayev, Xanlar Bəşirov, Aliyə Ramazanova, Tamilla Verdiyeva və sairə), 4 nəfər isə Xalq artisti adına layiq görülüb. Bu gün onlardan bəzilərinin sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Bir sənət adamı üçün bundan böyük xoşbəxtlik, təskinlik ola bilərmi?

- Siz özünüz sənət aləmində tanınmağınıza görə görə kimə minnətdarsınız?

- Xalq artisti, baletmeyster və peşəkar rəqqas Əlibaba Abdullayevə, bir də öz zəhmətimə. Həyatda zəhmətsiz heç nəyə nail olmaq olmaz.

- Böyükağa müəllim, dediniz ki, dünyanın yüzdən çox ölkəsində olmusunuz. Müxtəlif orden, medallara, həmçinin digər mükafatlara sahib olmusunuz...

- Amma indiyəcən “Şöhrət” ordeni almamışam. İstərdim ki, o ordenə da layiq görüləm.

“Əsil adım Mir Məmməddir”

- Adınızla bağlı bir sualla söhbətimizi davam etdirmək istərdim. Eşitdiyimə görə, sizin uşaqlıq, gənclik adınız tam başqa olub. Bəs necə oldu ki, Böyükağa adını qəbul etdiniz. Bunun bir tarixçəsi varmı?

- Ötən əsrin 50-ci illərində Berlində keçiriləcək ümumdünya festivalına göndərilərkən biz Moskvada müsabiqədə iştirak etdik. Mənim ifa etdiyim “Çobanlar” rəqsi münsiflər heyətinin xoşuna gəldi. Bundan sonra münsiflər heyətinin üzvü İqor Moiseyev məni yanına çağırıb adımı, soyadımı soruşdu. Mən də özümü Mir Məmməd Mir Cəfər oğlu kimi təqdim etdim. O, dedi ki, bəs səni həmin tədbirdə belə təqdim etmək olmaz. Gəl belə edək, Mir Məmməd olsun Məmmədov. Sonra da soruşdu: “Bəs sənə evdə başqa adla necə müraciət edirlər?” Dedim ki, bəs Böyükağa kimi... Onda dedi ki, adın da elə Böyükağa olsun. Yeri gəlmişkən onu da deyim ki, Böyükağa mənim babamın adı olub. Elə o vaxtdan da Böyükağa Məmmədov kimi tanınıram.

- Olmaya bu, sizin adınızın qarşısına artırılmış “mir” sözü ilə bağlı olub?

- Yox... Moiseyev sadəcə dedi ki, bəs adınız, soyadınız bir qədər uzundur.

- Hər halda, bu sizin seyid nəslindən olmağınızdan xəbər verir...

- Bəli, mən seyid nəslindənəm. Əslən Nardarandan olan atam molla olub. Nə gizlədim, özü də rəqsi sevən olmayıb... Ailədə də 3 uşaq olmuşuq - bir bacı, iki qardaş.

- Bəs rəqs aləminə necə gəlmisiniz?

- Anamın sayəsində. Evdar qadın olan anamın himayədarlığı olmasaydı, Allah bilir, tale məni haralara apacaqdı.

- Bəlkə, elə söhbətimizi bu məcrada davam etdirək?

- Mən Bakının indiki Yasamal rayonundakı 21 saylı məktəbdə təhsil almışam. Rəqsə 9 yaşımdan gəlmişəm. Tarixçəsi də belə olub: o zaman Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ilə üzbəüz bağda axşamlar kütləvi tədbirlər keçirilərdi. Günlərin bir günü qardaşım məni ora apardı. Orada rəqs edəndə tamaşaçıların diqqətini özümə cəlb edə bildim. Tədbiri aparan qadın mənə dedi ki, sabah bura ananla gəl. Nə isə, ertəsi gün anamla getdim. O, anama dedi ki, bəs uşağınız talantlıdır, o həm Azərbaycan, həm də Avropa rəqslərin gözəl ifa edir. Onu Pionerlər Evinə aparmağınızı məsləhət görürürəm. Mənə elə gəlir ki, ondan yaxşı rəqqas olacaq. Anam da elə onun dediyi kimi etdi. O zamanlar da orada Əlibaba müəllim çalışırdı.

Uzun sözün qısası, 13-14 yaşımda ikən Ehtiyat Əmək Qüvvələrinin klubunda çıxış etməyə başladım. Sonra elə oldu ki, burada müəllim kimi çalışdım. Orada əsasən filarmoniya üçün rəqqaslar hazırlanırdı. Sonra Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti oldum, Bakı Xoreoqrafıya məktəbini bitirdim. Burada da pedaqoji fəaliyyətlə məşğul oldum. Sonralar bir neçə rəqs kollektivinin, o cümlədən “Cücələrim” rəqs ansamblının rəhbəri olmuşam...

“Elə bil şəkil çəkdirməyə çıxırlar”

- Böyükağa müəllim, ən çox hansı rəqsləri ifa etmisiniz?

- Mən, ümumiyyətlə, bütün rəqslərimizin dəlisi olmuşam. Odur ki, istər “Naz eləmə”ni, istər “Qaytağı”nı, istər “Şoloxo”no, istər “Bir dənəsən”i, istərsə də digərlərini cani-dildən oynamağa çalışmışam. Yəni bütün rəqslər ürəyimcə olub. Amma “Cobanlar” ilə dünyanı gəzmişəm. Hə, onu da deyim ki, mən rəqslə dünyanın 113 ölkəsində olmuşam.

- Tərəf müqabilləriniz əsasən kimlər olublar?

- Əminə Dilbazi, Roza Cəlilova...

- Həyat yoldaşınız da bu sahədə çalışıb?

- Həyat yoldaşım Firuzə xanım xorda çıxış edirdi. Onunla da elə orada tanış olmuşdum. O mənim sənətimin vurğunu idi. Artıq 15 ildir ki, dünyasını dəyişib.

- Ümumiyyətlə, ailənizdə rəqslə məşğul olan var?

- Yox. Sözün düzü, özüm istəməmişəm. Böyük qızım həkim, ortancıl qızım ingilis dili müəllimi, kiçiyi isə bank işçisidir. 6 nəvəm, 8 nəticəm var.

- Belə çıxır ki, Böyükağa müəllim nəslin həm ilk, həm də sonuncu rəqqası kimi yaddaşlarda qalacaq.

- Elədir...

- Bəs bu gün ifa edilən rəqslərimiz barədə nə deyə bilərsiniz?

- Vallah, mən fikrimi bildirən kimi başlayırlar... Buna rəğmən, yenə deyirəm: ifa olunan rəqslərdən Azərbaycan rəqsinin iyi gəlmir.

- Bəs nə iyi gəlir?

- Balet iyi...

- Yəni rəqslərimiz getdikcə baletləşir?

- Bilirsinizmi necədir? Dünya bu sahədə bizi daha çox folklorumuzla tanıyır. Amma biz bu gün rəqslərimizdən folklorumuzu çıxarmışıq, buna görə də kütləvi məzmunsuzluq baş alıb gedir. Səhnəyə elə bil şəkil çəkdirməyə çıxırlar. Onu da deyim ki, baleti öyrətmək asandır, amma rəqsi yox. Ona görə ki, baletdə hər hərəkətin öz adı - termini var. Amma rəqsdə belə bir şey yoxdur. Gərək hər şeyi görüb götürəsən. Digər tərəfdən, hər müəllimin rəqsi tədris etməsi doğru deyil. Rəqsi tədris edən müəllim gərək özü rəqqas olsun.

“Həyatım boyu xəstəlik nə olduğunu bilməmişəm”

- Böyükağa müəllim, doğrusu, soruşmağa da cəsarət etmirik. Həmişə hərəkətdə olan bir adamın ayağına birdən-birə nə oldu?

- Bəri başdan deyim ki, 1985-ci ilədək xəstəlik nə olduğunu bilməmişəm. Hətta Həkim Tibb Komissiyası mənim xəstəlik tarixçəm ilə tanış olanda gözlərinə inanmadı. İnandırım sizi, xəstələnəndə də rəqs etmişəm, bununla da hər şey keçib gedib. Amma birdən-birə qanqrena başladı. Nəticədə sol ayağımı amputasiya etdilər. Görünür, o zamanlar olan gərgin iş rejimim öz işini görübmüş. Artıq 3 ildir ki, əlil arabası ilə hərəkət edirəm. Bütün günüm də evdə keçir. Beşinci mərtəbədə yaşamağım məni həyət-bacaya həsrət qoyub. Çətinliklərə baxmayaraq, uşaqlarımın, tanışlarımın köməyi ilə hərdən havamı dəyişə bilirəm. Məni bəzən tədbirlərə də aparıb-gətirirlər.

- Könlünüzə rəqs düşəndə nə edirsiniz?

- Elə əl arabasında oynayıram. Bu yaxınlarda həmkarların xətti ilə Şağandakı pansionata getmişdim. Orada keçirilən tədbirə mən də qatıldım. Müğənni Tünzalə Ağayeva orada çıxış edirdi. O da mənim tələbəm olub. Mən “Bənövşə”də işləyəndə o xorda oxuyurdu. Birdən Tünzalə xanım məni gördü və dedi: “Böyükağa müəllimi çəkin ortaya”. Mən də elə kolyaskanın içində başladım oynamağa...

- Böyükağa müəllim, sizə can sağlığı arzulayırıq.

- Məni yada saldığınıza görə, sağ olun.

Söhbətləşdi Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top