ALLAHVERDİ AYDIN

Kölələr üçün sosiska

Kölələr üçün sosiska

ALLAHVERDİ AYDIN

Yaşı 60-dan çox olanların 85-90 faizi SSRİ adını eşidəndə dərindən ah çəkirlər. Onlar sovet dövrünü nostalji hisslərlə yad edirlər. Bu insanların çoxu hisslərini "50 rubla bir həftə Moskvada kef etmək" kimi ifadələrlə, bəsit şəkildə izah etsələrdə onların səmimiliyinə inanmamaq mümkün deyil. Əslində 70 illik sovet dövrünü təkcə yaşı 60-dan çox olanlar xoş xatirələrlə yad etmirlər. 40-50 yaşlarında olan insanlar arasında da SSRİ sevgisi kifayət qədərdir. SSRİ-nin "qızıl dövründən" - ötən əsrin 70-ci illərindən bəhs edəndə ən qatı millətçilərimiz belə susmağa üstünlük verirlər. Bu yaxınlarda məclislərin birində iki nəfərin sövet dövrü ilə bağlı klassik mübahisəsinə şahid oldum. Mübahisə edənlərin birinin təxminən 50, digərinin isə 60 yaşı olardı. Nisbətən gənc olanı israrla digərinə sübut etmək istəyirdi ki, sövet dövründə biz millət olaraq kölə vəziyyətində yaşamışıq. Səsləndirdiyi arqumentləri əsaslandırmağa çalışırdı. Daha çox milli və dini dəyərlərimizin unutdurulmasından, dilimizin sıxışdırılmasından bəhs edirdi. Həmin şəxs yalan olmasın düz yarım saat SSRİ-nin əleyhinə danışdı. Həmsöhbəti yarım saat diqqətlə qulaq asdıqdan sonra ona belə bir sual verdi: "Sən 70-ci illərdə yediyimiz sosiskaları sonrakı illərdə dünyanın hansı ölkəsində yemisən?". Həmin şəxs bir qədər fikirləşdikdən sonra, "heç bir yerdə" deyə cavab verdi. Nisbətən yaşlı olan, "onda, de görüm, bugünə kimi hansı imperiya öz köllələrinə o cür sosiskalar yedirdib?" deyərək, mübahisəyə nöqtə qoydu. Yəqin ki, sizlərdə bu cür söhbətlərə tez-tez şahid olursunuz. SSRİ 20 ildən çoxdur süqut edib, amma bu söhbətlər hələ də davam edir. Müstəqilliyimizn ilk illərində elə zənn edirdik ki, illər keçdikcə bu söhbətlər unudulacaq. Fikirləşirdik ki, 21-ci əsrdə daha heç kim sovet dövrünün limonadını, sosiskasını, peçeniyasını xatırlmayacaq. Amma hər şey tərsinə oldu. İllər keçdikcə insanlar sovet dörünü daha çox xatırlamağa başladılar. Həttə SSRİ süqut edəndə 4-5 yaşı olan uşaqlar belə o dövrü xoş xatirələrlə yad etməyə çalışır. Bəlkə də bu yazıdakı fikirlər çoxunuza qəribə gələcək. Ola bilsin ki, sosiskanı müqayisə predmeti seçdiyim üçün məni qınayanlar da olacaq. Ancaq deyiləcək bütün iradlara baxmayaraq hesab edirəm ki, sosiska bizə hər saat, hər dəqiqə sovet dövrünü "xatırladan" işbazlarla mübarizədə ən yaxşı silahdır. Bəyəm biz ona görə azad olmuşuq ki, bir qrup işbaz qırx il ərzində içdiyimiz limonadı, yediyimiz sosikanı bircə gündə burnumuzdan gətirsin. Məşhur filmdə deyildiyi kimi, "məsələ sosiskada deyil e, məsələ vnimatelni olmaqdadı"...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top