NAZİM MUSTAFAYEV

İmmun sistemi

İmmun sistemi

NAZİM MUSTAFAYEV

İnsan orqanizminin bir sıra daxili və xarici düşmənləri vardır ki, immun sistemi olmadan insanın yaşaması sadəcə olaraq mümkün olmazdı. İmmun sistemi insan orqanizmini onun üçün yad hesab edilən istənilən hüceyrələrdən infeksiyalardan, mikroblardan və s. qoruyur. Bir sıra məhsullar müntəzəm şəkildə qəbul olunduqda immun sistemininin (immunitetin) güclənməsinə səbəb olur. Bu haqda bilgiləri aidiyyəti üzrə həkimlərdən öyrənmək olar.

Bu yazıda “immun sistemi”nin başqa növlərindən bəhs etmək istəyirəm... Əslində hər bir şeyin özünə xas immun sistemi var. İnsan anatomiyasının və fizioloji quruluşunun immun sistemi olduğu kimi, Uca Yaradan (c.c) insanın mənəvi dünyasını da immun sistemi ilə təchiz etmişdir. İlk öncə Allaha (c.c) iman etmə, sonra da müxtəlif bəla və müsibətlər zamanı səbr etmə, əldə olan nemətlərə qarşı (qürur və təkəbbür qapılmadan) şükr etmə, hər bir işdə səbəblərə riayət etdikdən sonra nəticəni Allahdan (c.c) gözləyərək təvəkkül etmə və s. duyğular “mənəvi immun sistemləri”mizdir.

Sadalanan bu “immun sistemi” və ya qoruyucu qalxanlar olmazsa insan mənəvi virus və bakteriyaların hücumuna məruz qalar. Səbr etmə yerinə üsyankarlıq, şükr etmə yerinə qürur və kibir, təvəkkül yerinə də her şeyi özündən bilmə, eqoizm və başqa xəstəliklərə tutular. Göründüyü kimi insanın həm fiziki quruluşunda həm də mənəvi və ruhi aləmində immun sistemi vardır.

Bəs, görəsən, uca Allahın (c.c) sonsuz qüdrəti ilə yaratdığı bu immun sisteminin bənzər modellərini başqa harda görmək olar? Ordu və hərbi gücün kənar müdaxilələrə qarşı ölkəni mühafizə etməsi, yanğınsöndürmə idarəsinin şəhərdə baş verən yanğına ən tez bir şəkildə müdaxiləsi, təcili tibbi yardım işçilərinin xəstələrin ünvanına anında çataraq onları müalicə etməsi, polis təşkilatının qaçan cinayətkarı axtarıb tapması və s. kimi nümunələri bir şəhərin immun sistemi adlandırmaq olar.

İmmun sistemindən söz düşmüşkən, burada “Kəlam” elmindən də bəhs etmək olar. Necə ki, “Kəlam” elmi də ilahiyyat elmləri içərisində immun sistemi rolunu oynayır. Uca dinimiz İslamda təfsir, hədis, fiqh və s. elmlər dinin özündən bəhs edir. “Kəlam” elminin isə İslam inanc sistemini həm əqlin (ağıl və məntiq) həm də nəqlin (Quran ayələri və hədislər) köməyi ilə müdafiə etmək, möminlərin düşüncələrini doğru və haqq istiqamətdə saxlamaq, dinə qarşı bəzən ortaya çıxan və ya ortaya çıxması ehtimal edilən şübhə və tərəddüdlərə cavab vermək, bir sıra yalnış fəlsəfi cərəyanlara qarşı dinin həqiqətlərini və inanc əsaslarını mühafizə etmək və s. kimi vəzifələri var. “Kəlam” elmi adatə bir problem olanda onu həll etmək üçün dövrəyə girdiyi üçün, bu elmi hər hansı bir şəhərin yanğınsöndürmə, ya da təcili tibbi yardım xidmətinə də bənzətmək olar.

Yuxarıda “hər bir şeyin özünə xas immun sistemi var” dedik və buna bir neçə nümunələr gətirdik. Bəs, görəsən, sadalan və sadalanmayan “hər bir şeyi” qoruyan, mühafizə edən, yaşadan və var edən elə məhz “immun sistemi”dirmi? Bunun cavabı qısaca “xeyr” olardı. Çünki insan bədənindəki immun sisteminin mükəmməlliyindən hər nə qədər danışsaq da, əcəl gəlib çatanda immun sisteminin heç bir funksiyası qalmır.

İnfrastruktur cəhətdən şəhərlər və ölkələr hər nə qədər güclü “immun sistemi” ilə təchiz olunsalar da, şiddətli zəlzələlər, sunami və sellər, torpaq sürüşmələri və s. qarşısında şəhərin “immun sistemi” öz funksiyasını tamamilə itirir. Bir nöqtədən sonra insanların təbii fəlakətlərə qarşı tədbir almaları, mühafizə olunmaları, sığınacaqlar və s. heç biri kara gəlmir.

Sözün qısası, “hər bir şeyin immun sistemi vardır”. İmmun sistemi uca Allahın (c.c) yaratdığı qanunlar və bu qanunlar çərçivəsində hərəkət etməkdir. Ancaq unutmaq olmaz ki, bizi, şəhərləri, kəndləri, yaşadığımız dünyanı qoruyan, muhafizə edən, yaşadan və var edən bizə məxsus immun sistemləri deyil, Cənabı Allahın (c.c) özüdür.

[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top