NAZİM MUSTAFAYEV

Qazanılan sevgi

Qazanılan sevgi

NAZİM MUSTAFAYEV

Cənab Allah (c.c.) hər kəsə sevgi hissi, sevmə qabiliyyəti bəxş etmişdir. Bundan əlavə, insanın özünün qazandığı, sonradan əldə etdiyi bir sevgi də mövcuddur. Həm fitrətimizdə toxum halında yerləşdirilən sevmə qabiliyyətini, həm də sonradan qazanılan sevgini bizə bəxş edən Cənab Allahdır (c.c.). Ancaq sevgi əbəs yerə qazanılmır. Sevgini əldə etmək üçün onu istəməli, onun şərtlərinə əməl edilməlidir. Bu yazıda sevginin necə qazanılacağından bəhs etmək istəyirəm.

Həzrət Peyğəmbərimiz (s.ə.s.) bir bəldəyə (qəsəbə) yaxınlaşanda: “Ey Allahım, bizi bu bəldə xalqına, bu bəldə xalqını da bizə sevdir” (Tabərani, Əvsat) deyə dua etmişdir. Bir sıra dua məcmuələrində “Ey Rəbbim, bəndələrinin qəlbinə bizim sevgimizi qoy”, deyə dualara rast gəlmək olar.

Təəssüflə demək lazımdır ki, bu gün dünyamızda biz müsəlmanların halı o qədər də ürək açan deyil. Müsəlmanlar o qədər də rəğbət bəslənən, qibtə ilə baxılan və sevilən bir mövqedə deyillər. Artıq “kənd” halına gələn dünyamızın əksər ölkəsində müsəlmanlar yaşayır. Belə bir şəraitdə müsəlmanların yaşadıqları coğrafiyada rəğbət bəslənən, gözəl əməllərinə görə qibtə ilə baxılan, insanlar olmalıdır.

Sevmək və sevilmək həm də ümumbəşəri məfhumdur. Dünyada bütün insanların İslamı qəbul etməsi, müsəlman olması mümkün deyil. Ancaq dünyada yaşayan insanlar İslama və müsəlmanlara rəğbət bəsləyə, onları sevə bilərlər. Müsəlman deyəndə ağıla terror, baş kəsmə və s. mənzərələr gəlirsə, bu anlayışın formalaşmasında biz müsəlmanların özlərini daha düzgün və daha doğru tanıtmamasını da göstərmək olar.

İslamın zühur etdiyi illərdə səhabələrə Məkkə küçələrində işgəncə verilir, zülm görür və sıxışdırılırdılar. Ayələrdə sırf gözəl davranışlarına, saleh əməllərinə, daşıdıqları dəyərlərə görə əziyyət görən səhabələrə, insanların onlara hörmət edəcəyi vaxtının yaxınlaşdığı xəbər verilir. Ötən zaman göstərəcəkdi ki, həm günümüzdə, həm o dövrdə səhabələr sevilməli, rəğbət bəslənməli şəxslər, fəzilət sahibi insanlardır.

Şərtlər səhabələri Məkkəni tərk etməyə məcbur edirdi. Bir qisim müsəlmanlar Cəfər ibn Əbu Taliblə (r.a.) bərabər Həbəşistana hicrət etdilər. Bu hicrət qrupundakı müsəlmanlar haqqında belə bir ayə nazil olmuşdur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq” (Məryəm, 19/96). Cənab Allah bu ayədə səhabələrin sevgisinin Nəcaşinin qəlbinə yerləşdirəcəyi xəbər verilir.

Cənab Allah (c.c.) Nəcaşinin qəlbinə onun ölkəsinə pənah gətirən müsəlmanların sevgisini qoymuşdu. Əgər belə olmasaydı, Nəcaşi nə müsəlman olardı, nə də ona edilən təzyiqlərə tab gətirə bilərdi. İllərdir tanıdğı, dostu və həmkarı Amr ibn As hədiyyələrlə Nəcaşinin yanına gəlmişdi. Hədiyyələri vermək, ona sığınan müsəlmanları qandallayıb Məkkəyə aparmaq istəyirdi. Ancaq belə olmadı. Amr ibn As Məkkəyə əli boş qayıdası oldu.

Xalq dilində desək, Nəcaşi səhabələrin gözünə, qaşına vurulmamışdı. Səhabələrin daşıdığı dəyərlər var idi. O dəyərlərə görə səhabələrə rəğbət bəsləmiş, etimad etmiş və onları sevmişdi. Bəlkə də, bu tarixi addımına görə də Cənab Allah (c.c.) onu İslamla şərəfləndirəcək, o müsəlman olacaqdı.

Bir müsəlman etibarlı bir şəxs kimi tanınmalı, daşıdığı ümumbəşəri dəyərlərə görə rəğbət bəslənən, etimad edilən bir şəxs olmalıdır. Bu əməllərinə görə sevilməlidir. Həzrət Peyğəmbərimiz (s.ə.s.) Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qalanda Onun (s.ə.s.) evində Məkkə xalqının əmanətləri var idi. Məkkə xalqı dəyərli mallarını əmanət kimi saxlamağa Peyğəmbərimizə (s.ə.s.) verirdi. Çünki o rəğbət bəslənən, etimad edilən şəxs idi. Həzrət Peyğəmbərimiz (s.ə.s.) Mədinəyə təşrif buyurunda da yenə bir sevgi seli ilə qarşılanmışdı.

Nəticə olaraq deyə bilərik ki, sevgiyə hər zaman ehtiyac var. Çünki sevgi olmayanda onun yerini nifrət və düşmənlik doldurur. Nifrət və düşmənlik zəminində nəsə faydalı bir şey inşa etmək çətindir. Nifrət və düşmənlik duyulan bir şəxslə hər hansı ünsiyyət qurmaq, onun dəyərlərini öyrənmək mümkün deyil. Sevginin aça bilmədiyi bir qapı yoxdur. Həmçinin İslam tarixindən anlamaq olar ki, həqiqi fəth ancaq könüllərin fəthi ilə gerçəkləşir.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top