NAZİM MUSTAFAYEV

Əshabı-Kəhf bizə nə söyləyir?

Əshabı-Kəhf bizə nə söyləyir?

NAZİM MUSTAFAYEV

Onlar xalq arasında əfsanə olmuşdular. Onlar artıq tarix idilər. Onlar yüz illərdir yaddaşlarda, zehinlərdə yaşayırdılar. Onların adları mağarın önünə həkk olunmuşdu. Nə qəribədir. Onlar həm də yaşırdılar. Əfsanəyə çevrilmələrindən, tarix olmalarından xəbərləri yox idi. Bu bir film səhnəsi deyildi. Bu əsl həqiqət idi.

Onlar Allah inancından uzaqlaşmış bütpərəst bir cəmiyyəti tərk etmişdilər. Cəmiyyətin yaşam tərzi ilə ayaqlaşmaq istəmirdilər. Şəhərdən ayrılaraq bir mağaraya sığınmışdılar. Cənab Allah (c.c.) onları axirət inancı və ölümdən sonra dirilmə xüsusunda canlı nümunələr etmişdi.

Sanki mağaraya girərkən səhər, oyananda isə həmin günün axşamı idi. Gözlərini ovuşdururdular. Hamı oyanmışdı. Nə qədər qaldıqlarını bilmirdilər. İçlərindən bir nəfər, “Nə qədər vaxtdır burdayıq?” deyə soruşurdu. Uzun bir yuxunun təsirində idilər. Zənn edirdilər ki kralın əsgərləri hələ də onları axtarır. Onlara görə aradan “bir gün və ya bir gündən az” (Kəhf, 18/19) vaxt keçmişdi. Ancaq zənn etdikləri kimi deyildi. Nə qədər qaldıqlarını Cənab Allah (c.c.) daha yaxşı bilirdi.

Mağarada oyandıqdan sonra bir-birinə soruşduqları sualla, axirətdə bütün insanlardan soruşulacaq sual eyni idi: “Yer üzündə neçə il qaldınız?” (Muminun, 23/113). Cavab isə dəyişməyəcək: “Bir gün və ya bir gündən də az” (Muminun, 23/113). Onlar sanki bir nümunə seçilmişdilər. Onlar qəbr yuxusundan oyanacaq bütün insanlığın dünyadakı balaca bir misalı idilər. Onlar Əshabı-Kəhf idilər.

Əsrlər əvvəl onların qısıq səslə söylədiyi həqiqətlər oyandıqlarında artıq gur səslə səslənirdi. Hər kəsin dilində və qəlbində o həqiqətlər bərqərar olmuşdu. Sanki onlar torpağın bağrına düşən toxum idilər. Cənab Allah (c.c.) o toxumlardan yeni baharlar meydana gətirmişdi.

Qaldıqları yerin bilinməsini, vəziyyətlərinin açığa çıxmasını, kral və əsgərlərinin onları tapmasını istəmirdilər. Geriyə dönmə, inanc və etiqadlarından vaz keçirilmə qorxuları var idi. Yeyəcək almaq lazim idi. Ac idilər. Şəhərə göndərdikləri dostlarına çox ehtiyatlı olmalarını söyləmişdilər.

Onlara görə vəziyyət belə idi. Mağarının çölündə isə başqa bir aləm hökm sürürdü. Bahar çiçəkləri çoxdan açmışdı. Dilə asan gəlsə də aradan bir neçə əsr keçmiş, dövr, insanlar dəyişmişdi.

Şəhər bazarında tarixin dərinliyindən qopub gəlmiş bir gənc dolaşırdı. Tarixin dərinliyindən gətirdiyi pulla nə isə təmiz yeyəcəklər almaq istəyirdi. Sanki o da qeyri adiliyi hiss etməyə başlamışdı? Axı o hara gəlmişdi? Dünən yaşadığı şəhərə indi nə olmuşdu? Nə baş verirdi? Qarşılaşdığı insanlar kim idi?

Vəziyyəti mağaradakı dostlarına xəbər verməli idi. “Dünən” can qorxusu ilə tərk etdikləri şəhərdən indi əsər əlamət qalmamışdı. Dünya çox dəyişmişdi. Daha əvvəl qarşı çıxdıqları və görməyə vərdiş etdikləri şeylərin heç biri indi yox idi. Onlar əsrlər əvvələ aid insanlar olmuşdular. İnsanlar nəzərində qəribə qarşılanırdılar. İnsanların onlara normal davranmaları mümkün deyildi. Onlar canlı xatirə idilər. Bunu artıq özləri də dərk edirdilər.

Cəmiyyət artıq bir bahar ədasına bürünmüşdü. Onlar isə bu baharın xəbərçi, novruzgülü idilər. Bu cəmiyyət onların meyvələri idilər. Onlar bu cəmiyyətdə bir xatirə kimi qalacaqdılar. Cənab Allah (c.c.) onları yeni cəmiyyətdə yaşatmayacaq, öz dərgahına çəkəcəkdi.

Quranın hər bir ayəsində bizim üçün mesajlar vardır. Əshabı-Kəhf haqqındakı ayələrdə də müsəlmanlar üçün bir sıra öyüd və nəsihətlər var. Əslində hər bir dövrün insanı qabiliyyətləri ölçüsündə bu və digər Quran qissələrindən dərslər ala bilər. Gəlin burada bir sıra məqamlara nəzər yetirək…

Əshabı-Kəhf axirətdə insanların qəbirdən dirilib qalxacaqları kimi illərcə davam edən yuxularından qalxmışdılar. Allahın vədinin haqq olduğunu görmüşdülər. Onlara görə əsas olan missiyaları idi. Onlar vəzifələrini tamamlamışdılar. Axirət onlara dava sevimli və xeyirli idi. Xalq içində təqdir edilmək, alqışlanmaq və beləcə axirət azuqəsini bu dünyada yeməkdənsə axirəti seçmişdilər.

Mağarada qalanlar ərzaq dalınca gedən şəxsə “ehtiyatlı olmağı” söyləmişdi. “Ehtiyatlı olmaq” Quranda “vəlyətələttaf” feli ilə ifadə olunub. Bu fel dilimizdəki “lətafət” sözü ilə eyni kökdəndir. Lətafət sözü yumşaqlıq, xoşluq mənasına gəlir. İnanan insan yaşadığı cəmiyyətdə özünü xoşluq və mülayimliklə qəbul etdirməlidir. Cəmiyyətin hər bir təbəqəsinin inanan insanlara hava kimi ehtiyacı vardır. Cəmiyyət onun məfkurəsi ilə nəfəs almalıdır. Mövsümü gələndə hər kəs anlamalı ki, onlar onu boğmaq və öldürmək istəyərkən, o onlara həyat üfləyirmiş.

“Ehtiyatlı olmaq” əslində budur. İnsanların hava kimi su kimi ehtiyacı olduqları dəyərləri onlara ən gözəl şəkildə təqdim etməkdir. Bunu xoşluqla, mülayimliklə və sevdirərək etməkdir. Həmçinin xoşluq və mülayimlik olmasaydı, Yəsrib şəhəri necə Mədinə və İslamın beşiyi ola bilərdi?

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top