NAZİM MUSTAFAYEV

Bakının “Pizza qülləsi”

Bakının “Pizza qülləsi”

NAZİM MUSTAFAYEV

Tusi küçəsindən "Əhmədli" metrosuna gedən yolun kənarında 9 mərtəbəli əyri bir bina var. Daha dəqiq desək, Xətai rayonu, Gəncə prospekti 20a ünvanında yerləşir.

Bu bina əyriliyinə görə İtaliyadakı “Pizza qülləsi”ni xatırladır. Bu iki bina arasındakı bənzərlik yanlız binaların əyriliyinə görədir. Fərqli cəhətləri isə daha çoxdur.

İtaliyanın eyni adlı şəhərindəki “Pizza qülləsi” daha çox “Yıxılan qüllə” adı ilə məşhurdur və bütün dünyada qəribə görkəmi ilə tanınmışdır. Çünki qüllə kənardan yıxılmaqda olan bina təəssüratı oyadır. İnşasına 1174-cü ildə başlanan bu tarixi əsərin tikintisi müxtəlif səbəblərlə 176 il sürmüşdür. Tikilinin yan tərəfə əyilmə səbəbi kimi bina özülünün yumşaq olması göstərilir.

“Pizza qülləsi” əyri duruşuna baxmayaraq, qapıları turistlərə açıqdır. 60 metrə yaxın hündürlüyü, 294 pilləsi olan qüllənin sonuncu mərtəbəsinə qədər çıxmaq mümkündür. Ancaq bir məsələ var ki, “Piza qülləsi”ndə heç kəs yaşamır. Onsuz da yaşayış üçün nəzərdə tutulmayıb. Bura axırıncı mərtəbəsinə kilsə zəngləri olan bir qaladır. Həmçinin bu qüllənin yıxılmaya meyilliliyi müasir dövrdə də davamlı yoxlanılır.

İndi isə qayıdaq Bakıdakı “Pizza qülləsi”nə... Əslində bu binaya “Pizza qülləsi” demək doğru olmazdı. Çünki aralarındakı bənzərlik yanlız əyriliyə görədir. “Piza qülləsi” bu əyriliyinə görə yüzlərcə, minlərcə turisti özünə cəlb edir. Ancaq bizim 9 mərtəbəli "pizza"mızın bu əyriliyi onlarla insanın ölümünə səbəb ola bilər.

Nəzarət altında olan “Pizza qülləsi”nin ən üst mərtəbəsinə qədər turistlər çıxırlar. Orada şəkil də çəkdirib düşürlər. Vəssəlam. Bəhs etdiyim 9 mərtəbəli əyri binada isə ilin bütün günləri azı 40-50 ailə yaşayır.

Elə görünür ki, əksər insanlar üçün sosial şəbəkələrdə şəkil paylaşmaq sanki bir ehtiyac halına gəlib. Həftə ərzində bu ehtiyac mütləq təmin edilməlidir! Şəkil paylaşmaq belə ehtiyac halına gəlibsə, bunu faydalı şəkilə salmaq olar. “Pizza qülləsi”nə bəlkə də onminlərlərlə turist uzaqdan əl söykəyərək şəkil çəkdirib. Sanki qüllənin yıxılmasının qarşısını almaq istəyirlər. Əslində biz də bu 9 mərtəbəli əyri binaya əl söykəyərək şəkil çəkdirə bilərik. Bu cür şəkillər sosial şəbəkələrdə yayılsa, bu problem öz həllini tapar. Yoxsa, Allah qorusun, hansısa bir faciədən sonra nəsə demək, faciə qurbanlarının şəkillərini paylaşmaq bu işin ən asan tərəfidir.

Bu qəzalı bina əyriliyinə görə “Pizza qülləsinə” bənzəsə də, əgər qarşısı alınmasa, binanın taleyi, illər əvvəl heç bir təbii hadisə baş vermədən çökən və 92 nəfərin ölümünə səbəb olan Konyadakı “Zümrüt apartmanı”nın taleyi kimi olar bilər. Ancaq biz hələ şanslıyıq. Çünki bina hələ çökməyib. Bu bina və sakinləri üçün hələ gec deyil. İnsan itkisinin qarşısını almaq mümkündür.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top