NAZİM MUSTAFAYEV

Alim və elmin izzəti (1)

Alim və elmin izzəti (1)

NAZİM MUSTAFAYEV

Elə kimyəvi maddələr var ki, reaksiyaya girsə, təbiət yaşanmaz hala gələr. Bəzi maddə və elementlər də var ki, reaksiyaya girdiyi təqdirdə bütün insanlar, heyvanlar və bitkilər üçün yararlı, faydalı tərkiblər ortaya çıxır. İşlətdiyimiz kəlimələrdə də eyni həqiqəti görmək olar. Məsələn, "hökmdar" kəlməsinin önünə "zalim" kəliməsini qoysaq, insanlar, heyvanlar, hətta bitkilər belə bu iki kəlimənin birləşməsindən çox zərər çəkər. Hökmdar kəliməsinin önünə "adil" kəliməsini əlavə etdikdə isə insandan tutmuş, göydə uçan quşlara qədər hər bir canlı bunun faydasını görər.

"Alim" və "elmin izzəti" ifadələri yanaşı gələndə bir çox gözəl məziyyətlər, bir sıra İslam aliminin həyatı önümüzdə canlanır. Elmi ilə əməl edən, elmini gündəlik mənfəətlərə peşkəş çəkməyən, yeri gələndə saraydakı xəlifəyə xüsusi dərs keçməyi qəbul etməyən, elmin şərəf və üstünlüyünə xələl gəlməməsi üçün heç kəsin minnəti altına girməyən alimlər, məhz bu cür insanlardır.

Fransız mütəfikkir Pyer Beylə (Pierre Bayle) görə dinsiz (ateist) bir cəmiyyət olduqca əxlaqlı, dindar (burada əsasən xristianlıq nəzərdə tutulur) bir cəmiyyət isə olduqca əxlaqsız ola bilər. Bir mənada mütəfəkkirə görə dinsiz əxlaq, əxlaqsız din mümkündür. Hər halda din baxımından əhatəsində olduğu xristian aləmi və tanış olduğu Yunan mədəniyyəti Pyer Beylin bu qənaətə gəlməsində təsirli olmuşdur. Ancaq Pyer Beylin bu fikirlərini İslama şamil etmək, əxlaqdan təcrid olunmuş bir İslam anlayışını təsəvvür etmək mümkün deyil.

İslamda din və əxlaq vəhdət təşkil edir. Allah ilahi bəyanında Peyğəmbərini "sən böyük əxlaq sahibisən!" (Qələm, 68/4) deyə vəsf edir. Peyğəmbərimiz: "Sizin ən xeyirliniz əxlaqı ən gözəl olanınızdır" (Buxari, Ədəb, 39) buyurmuşdur. Digər bir hədisdə də "Qiyamət günü günah-savab tərəzisinə qoyulan heç bir şey gözəl əxlaqdan daha ağır gəlməyəcək" (Tirmizi, Birr, 62) buyurulmuşdur.

Bu aspektən hər hansı İslam aliminin həyatına nəzər yetirəndə, elmi ilə əməl edən, elmin izzət və namusuna xələl gəlməməsi üçün çox həssas yaşayan simalarla qarşılaşırıq. Elmin izzətini qorumaq mühüm məsələdir, ancaq elmin izzətini də özündə ehtiva edən dinin izzətini qorumaq daha mühümdür.

Gəlin bir neçə nümunəyə nəzər salaq... Bir nəfərin İmam Buxariyə xeyli borcu olur. Ancaq borclu borcun üstündən uzun müddət keçməsinə baxmayaraq, qaytarmırdı. Buxariyə tövsiyə etdilər ki, bəzi dövlət məmurlarının köməyi ilə alacağını alsın. Buxari bu tövsiyyəni qəbul etmir: "Mən onlardan kömək istəsəm, onlar da məndən öz mənfəətlərinə uyğun fətva verməyimi istəyərlər. Dünya malı üçün dinimi sata bilmərəm".

Digər bir nümunə isə belədir... Bəzi tacirlər və varlılar Əhməd ibn Hənbələ çox bahalı hədiyyələr göndərirdilər. O isə heç birini qəbul etmirdi. Bir gün oğlu Saleh və əmisinin başqa adamların bu cür hədiyyələri geri qaytarmadığını söyləyərək onu məzəmmət edirlər. O da belə deyir: "Biz pulun arxasınca düşmədiyimiz üçün o, bizim arxamızca gəlir. Əgər onun arxasınca getsəydik, o, bizim arxamızca gəlməzdi."

Əhməd ibn Hənbəl mihnə hadisələri zamanı əlləri-qolları zəncirə vurulub zindana salınmışdı. Onun bu halına üzülən bir şəxs zindana gəlib belə deyir: "Ey İmam, nə olar bir yol tap, bu vəziyyətdən qurtul. Səni bu halda görməyə könlümüz razı deyil".

Əhməd ibn Hənbəl bu şəxsə deyir ki, zindanın kiçik və dar pəncərəsindən çölə baxsın. Həmin şəxs pəncərədən boylananda minlərlə tələbənin çöldə əllərində lələk qələm və kağız tutub yazmağa hazır halda gözlədiklərini görür. Əhməd ibn Hənbəl belə deyir: "Tələbələri görürsən. Onlar mənim ağzımdan çıxacaq sözləri gözləyirlər. Söylədiyim sözlər yazılacaq və elm kimi gələcək nəsillərə ötürüləcək. Mən isə "Quran məxluq deyil, Allahın kəlamıdır" deyirəm. Bu görüşdə olan son şəxs mənəm. Məndən tələb edirlər ki, həqiqətin əksini deyim. Bunu edə bilmərəm. Güzəşət gedə bilmərəm. Səbir etməkdən başqa yolum yoxdur.

İslam ümməti də sonralar Əhməd ibn Hənbəl haqqında belə deyəcəkdi: "Əhməd ibn Hənbəl mihnə hadisələrində, o çətin imtahanda, sarsılmaz iradəsi və imanı ilə dinin izzətini qorudu".

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top