ƏLİ ÇƏRKƏZOĞLU

Velosipedə yol verin!

Velosipedə yol verin!

ƏLİ ÇƏRKƏZOĞLU

Uşaqlığımın ən şirin arzularından biri, bəlkə də birincisi velosiped olub və mən o arzumə çox da tamarzı qalmamışam. Dördüncü sinfi qurtarıb beşinciyə keçəndə mənə boyuma uyğun bir velosiped alıblar və o yayı, demək olar ki, iki ayağımın üstündə deyil, iki təkərin üstündə keçirmişəm. Velosiped sürməyə o qədər həvəsli idim ki, böyüklərin ağzından bir buyruq çıxan kimi iki təkərin üstünə sıçrayıb deyiləni yerinə yetirməyə tələsərdim. Bir az ustalaşan kimi qonşu kəndlərə velosiped səfərlərinə başladım. Hətta kamer yamatmaq bəhanəsi ilə velosipedlə Horadiz qəsəbəsinə getdiyimi də xatırlayıram. Kəndimizdən Horadizə qədər 12 kilometr məsafə vardı və bu məsafəni o kiçik velosipedlə gedib-dönmək, üstəlik də tərkində təxminən özün yaşlarında bir uşağı aparıb-gətirmək asan iş deyildi. Amma mən onu bacardım. Doğrudur, o səfərdən sonra ayağım bir neçə gün ağrıdı, amma o turnenin ləzzətini hələ də unuda bilmirəm. Xüsusilə də üzü enişə gedəndə "xalstoy"a buraxırsan, velosiped yellənib gedir, sən də sadəcə rulu tutursan, adama ləzzət edir.

O vaxtdan təxminən qırx beş il keçir, amma inanın ki, velosiped sürmək arzusu hələ də canımdan çıxmayıb. Kim necə düşünür-düşünsün, velosiped mənim üçün hər şeydən əvvəl sağlamlıqdır. İnanıram ki, səhər işə, axşam evə getmək üçün iyirmi dəqiqə pedal bulayan insan indiki halından xeyli sağlam olar. Çox şükür, sağlığımla bağlı elə bir ciddi problemim də yoxdur, amma gərək bir şeyi itirməmiş tədbir görəsən. Hərdən evdə, dostlar arasında bu istəyimi dilə gətirəndə təəccüb edənlər də olur. Deməsələr də onların reaksiyasını açıq-aydın oxuyuram: "Tanıyıb-bilənlər nə deyər?" Onların bu reaksiyasını təbii qarşılayıram. Çünki bu məmləkətdə velosiped sürmək üçün gərək qapıda "mersedes" yatırasan ki, tənə eləməyələr. Amma kimlərinsə tənəsi mənim üçün əhəmiyyət daşımır, sadəcə bu şəhərdə velosiped sürmək mümkün deyil. Yaşadığım Yeni Yasamaldan çıxmaq üçün səkisiz küçə ilə dala-qabağa baxa-baxa yeriməli oluram. Sərt yoxuşu çıxanda yolun kənarında səki görünür, amma eni 30 santimetr. İnanırsınızmı, bu şəhərdə səkisiz kiçələr və 30 santı enində səkilər var.

Bu gün Bakı öz tarixinin ən böyük yenilənmə mərhələsini yaşayır. Həqiqətən də, son illər ərzində şəhərin siması kəskin şəkildə dəyişib və dəyişməkdədir. Amma bu iş elə görülməlidir ki, 15-20 ildən sonra növbəti problemlərlə üz-üzə qalmayaq. Paytaxtımız dünya şəhərsalma standartlarına uyğun qurulmalıdır. Belə ki, əlillərin rahat hərəkəti mümkün olsun, velosiped sürənlər üçün xüsusi zolaqlar ayrılsın. Yoxsa hər şey evvəlki ölçüləri ilə qalacaqsa, demək problem də qalacaq. Küçələrin genişləndilməsi, yaşıl zolaqlar, park və meydanlar, istirahət məkanları, hamısı nəzərə alınmalıdır. Doğrudur, Bakı relyefinə görə o qədər də əlverişli sayılmaya bilər, amma bu vəziyyət heç də velosiped sürmək üçün əngəl sayılmamalıdır, çünki bu şəhərdə velosipedlə gedilməyəcək bir yer yoxdur.

Qayıdaq velosiped məsələsinə. Əslində bu işdə böyük qazanc var və anlaya bilmirəm ki, imkanlılar niyə bu istiqamətdə hərəkətə keçməyiblər. Təbii ki, onların daha gəlirli və tez başa gələn sahələri çoxdur, amma bir qədər təkan verilsə, velosiped də çox gəlirli sahəyə çevrilə bilər. Nəticədə yanacaqdan istifadə və şəhərdə tıxaclar azalar, havanın çirklənməsi faizi aşağı düşər, ailə büdcələrinə müəyyən qədər qənaət edilər, ən başlıcası isə insanımızın sağlamlığı istiqamətində mühüm addım atılmış olar. Bir çox parametrlə bizdən çox-çox irəlidə olan Avropa ölkələrində velosiped populyar nəqliyyat növü və sənaye sahəsidir. Nə qədər gec deyil, bu məsələ dövlət səviyyəsində müzakirəyə çıxarılaraq bir qərara başlanmalıdır. Çünki velosiped nəqliyyatı hər baxımdan faydalıdır, tıxacların azalmasına, şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasına, qənaətə, ən başlıcası isə insanımızın sağlamlığına lazımdır. Niyə bu haqda düşünmürlər, anlaya bilmirəm.

Təbii ola bilmirik, səmimi ola bilmirik, olduğumuz kimi görünməkdən qorxuruq, ona görə də kosmetika ilə reallığın üstünü basdırmağa can atırıq. Çox şey istəmirəm ki, yol istəyirəm. İstəyirəm ki, maşına minməyim, işə velosipedlə gedib-gəlim, şəhərimi iki təkərin üstündə dolaşım. Və sizi inandırıram ki, bu təkcə mənim istəyim deyil, yüz minlərin arzusudur. Bu şəhəri geniş tikin, hər şeyi nəzərə alın ki, sabah yeni problemlər ortaya çıxmasın.

Şəkildə: Yeni Yasamalın yolu və səkisi. Burdan keçəndə istər-istəməz adam kəlimeyi-şəhadətini xatırlamalı olur, çünki nə piyada yolu var, nə velosiped yolu, maşınların da ki, ardı-arası kəsilmir. Əgər burada avtomobil qəzası nəticəsində ölüm hadisəsi baş verərsə, bu vəziyyətə cavabdeh olanlar Allah qatında qatil hökmündə sorğu-suala çəkiləcəklər. Çünki qətlə səbəb olan da elə qatil kimidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top