ALLAHVERDİ AYDIN

Hər şeyi dövlətdən gözləmək...

Hər şeyi dövlətdən gözləmək...

ALLAHVERDİ AYDIN

Hər gün olmasa belə, iki gündən bir intihar xəbərləri yayılır. Siz də razılşarsınız ki, bu 10 milyona yaxın əhalisi olan bir ölkə üçün çoxdur. Həm də həddindən artıq çoxdur. İntihar edənlərin sayının bu qədər artması nə ilə bağlıdır? Sosial şəbəkələrdə intihar haqqında yazılan statuslara diqqət edin, onlarla fərqli baxış görəcəksiniz. Bir nəfər yazıb ki, intiharın səbəbi maddi sıxıntılardır. Bir başqası ona təkzib edərək yazır ki, intihar maddi sıxıntılar səbəbindən olsaydı, o zaman Afrikada yaşayan insanların yarısı intihar etməliydi. İntihar edən varlı, maddi sıxıntısı olmayan insanların adlarını yazırlar. Bir başqası intiharı ailədaxili problemlərlə əlaqələndirir. Səbəb kimi ailədə ər-arvad münasibətlərinin pozulmasını göstərirlər. Statistika isə onu göstərir ki, intihar edənlərin böyük əksəriyyətini evli olmayanlar təşkil edir. Yəni, demək istədiyim odur ki, intiharın baş vermə səbəb ilə bağlı fərqli fikirlərin səslənməsinə baxmayaraq, bu mülahizələri təkzib edən fikirlər də mövcuddur. Əslində səslənən bu fikirləri nə tam şəkildə qəbul etmək, nə də tam şəkildə təkzib də etmək olmaz. Baş verən intiharlar və eyni zamanda baş tutmayan intihar təşəbbüslərinə baxdığımız zaman belə görünür ki, insanlar bəzən ən ağlagəlməz səbəblərdən belə intihar edə bilirlər. Buna görə də, intiharın hansı səbəbdən baş verdiyindən çox, bu səbəbi ortaya çıxaran şərait müzakirə olunmalı. Məsələn, deyirlər ki, filankəsin maddi sıxıntısı olub və buna görə intihar edib. Amma heç kim sual vermir ki, filankəsin niyə maddi sıxıntısı olub? Niyə işləmirmiş? İş yoxdursa, niyə dövlətdən işsizlik müavinəti almırmış? Əgər ölkədə maddi sıxıntıya görə bir insan intihar edirsə bunun günahkarı birmənalı olaraq dövlətdir, daha doğrusu dövləti təmsil edən rəsmi qurumlar, onlara rəhbərlik edən məmurlardır. Azərbaycan sosial dövlətdir və bu ana qanunumuzda təsbit olunub. Bu o deməkdir ki, dövlət hər kəsin maddi təminatını minimum səviyyədə təmin etməyə borcludur. Başa düşmək lazımdır ki, ibtidai icma quruluşu dövründə yaşamırıq. 21-ci əsr "hər kəs öz başının çarəsinə baxsın" anlayışının hökm sürdüyü bir dövr deyil. Müasir dünyada dövlət vətəndaş üçün mövcuddur. Əgər insan maddi sıxıntısını, ailə problemlərini, şəxsi problemlərini həll edə bilmirsə və bunları həll etmək üçün üz tutacağı qapı da yoxdursa... Onda nə etməlidir? Dövlətin məsuliyyəti sadəcə maddi təminatla bağlı deyil. Dövlət ana qanunla öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə məcburdur. Müasir dövlətçilik anlayışının bərqərar olduğu bütün ölkələrdə dövlət hər şeyə cavabdeh olur. "Hər şeyi dövlətdən gözləmək doğru deyil" anlayışını müdafiə edənlər təfəkkür baxımından orta əsrlərdə ilişib qalıblar... Müasir dünyada hər şeyi dövlətdən gözləmək lazımdır... Əgər bir kənddə vətəndaşın qoyunu hər hansı bir xəstəliyə yoluxursa, bunun günahkarı qoyun sahibi deyil. Bunun günahkarı birmənalı olaraq dövlət büdcəsindən maaş alan o sahənin baytar həkimidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top