ANAR QARAXANÇALLI

Nazirin qova bildiyi hakim necə adil ola bilər?

Nazirin qova bildiyi hakim necə adil ola bilər?

ANAR QARAXANÇALLI

"Nazir filankəsi qovdu". Çoxumuzun diqqətini yəqin belə başlıqlar çəkir. Hətta çoxumuzun xoşuna da gəlir belə xəbərlər. Ədalətsizliyin yayğın olduğu bir cəmiyyətdə hər hansı məmurun cəzalandırılması içimizi oxşayır. Ən azından, bir nəfər "pis" adam azaldı deyə...

Hər hansı bir məsələnin, problemin ictimailəşməsi nazirləri, qurum rəhbərlərini təcili tədbir görməyə sövq edir. Hətta təşviq edir. Çünki "o"nun rəhbər olduğu bir yerdə problem olmamalıdır, ola bilməz. İttihamların hədəfindəki şəxsi "qurban" verməklə təhlükə sovuşdurulur. Adətən sistem belə işləyir.

Amma bir az düşünün. Niyə nazir kimisə qovmalıdır? Niyə nazir kimisə cəzalandırmalıdır? Bəs onda məhkəmələr nə üçündür? Bəlkə o qovulan məmura haqsızlıq edilir? Bir məsələnin ictimailəşməsi, və ya bir sıravi məmurun tənqid oxlarına tuş gəlməsi niyə onun "cinayətkar" olduğu hökmünə əsas olsun ki?!

Dediyim kimi, məhkəmələr nə üçündür?

Bir neçə gün əvvəl belə bir xəbər başlığı oxudum: Nazir hakimləri cəzalandırdı. Xəbərdə bəzi hakimlərin rüşvət və korrupsiyada günahlandırıldığı bildirilir. Bu səbəbdən, bəzi hakimlər vəzifələrindən alınıblar. İlk baxışda hər şey gözə, könülə xoş görünür, qulağa xoş səslənir. Lakin dərindən fikirləşəndə necə böyük anormallıq olduğu görünür. Əgər hər hansı hakim qanunları pozubsa, rüşvət alıbsa, bunu müəyyən etmək bir nazirin işi olmamalıdır. Məhkəmələr nə üçündür?

Dünyada normal ölkələrdə belə bir təmayül yoxdur. İcra orqanı məmurunun məhkəmə hakimini cazalandırması kimi. Məhkəmə sistemi müstəqil olmalıdır. Məhkəmə orqanı icraedici orqana tabe olmamalıdır. Əgər hər hansı bir nazirin adı rüşvət işinə qarışsa, hakim o işə necə ədalətlə baxa bilər? Bir məmur, ya da sıravi bir vətəndaş məhkəmədə nazir əleyhinə ittiham irəli sürsə, hakim hər hansı naziri ittiham edə bilərmi? Nazirin "toxunulmazlığı" nə qədər doğru anlayışdır?

Bu yanlış tendensiya bizi yanlış istiqamətə aparıb, aparır. Hər qurum, hər məmur hesab verə bilməlidir. İnkişafın birinci əsası budur: şəffaflıq. Şəffaflıq dövrün, əsrin tələbidir. Başqa yol yoxdur. Prezident özü dəfələrlə bildirib ki, hər məmur xalqın xidmətçisidir. Bu çox doğru bir ifadədir. Bu ifadəni həyatın hər sahəsinə tətbiq etmək üçün məhkəmə sistemi müstəqil və şəffaf olmalıdır. Bu gün xarici şirkətlər bir ölkəyə sərmayə qoymaq üçün ilk öncə o ölkənin adil, azad məhkəmə sistemi olub olmadığına baxırlar. Səbəbi odur ki, şirkətlər yerli icra orqanları ilə, qurumlarla, hətta dövlət ilə mübahisəli məsələlərin həlli üçün müraciət edə biləcəkləri, etimad edə biləcəkləri müstəqil, asılı olmayan məhkəmə sisteminə möhtacdırlar.

Məhkəmələrin ədalətli, tərəfsiz, müstəqil olması bir dövlətin ən böyük sərvətidir.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top