NAZİM MUSTAFAYEV

Xəyaldan keçənlər günah sayılırmı?

Xəyaldan keçənlər günah sayılırmı?

NAZİM MUSTAFAYEV

Xəyalımızdan keçənlərə görə günah qazanıb-qazanmadığımıza keçməzdən əvvəl Azərbaycan istehsalı “Yuxu” filmindən bir neçə fraqmenti qeyd etmək istəyirəm.

Belə ki, filmdə Əliabbas yuxusunda həmkəndlisi Baharı qaçırdığını görür. Başına nə gəlirsə, elə bundan sonra gəlir. Məsmə xala nəvəsi Əliabbasa deyir: “Sən yetimin könlündən keçməsəydi, o da gəlib sənin yuxuna girməzdi”. Başqa bir fraqmentdə yenə Məsmə xala polis işçisinə deyir: “Bir de görüm hansı qanunda, hansı kitabda yazılıb ki adamı yuxu üstündə türməyə bassınlar!?” Bir neçə dəqiqə sonra eyni sözlərlə bu dəfə Məsmə xala Fərəcova səslənir: “Yuxu görmək qadağandır məgər?” “Yuxu görmək nə vaxtdan cinayət olub?!” Nəhayət, polis rəisi Fərəcovun qızı Bahar tapılır. Əliabbasın qız qaçırma işinin də yuxuda baş verdiyi anlaşılır. Əliabbas da azadlığa buraxılır. Filmdə yuxu ilə bağlı son sözlər Fərəcova aiddir: “Nəvənə denən ki, bir də bundan sonra hər ağlına gələn şeyi yuxuda görməsin!”

Əsas mövzuya keçək... Filmdəki əhvalatın mövzumuzla birbaşa olmasa da, dolayısilə əlaqəsi var.

Görəsən, uca dinimiz İslamda şər bir əməl həyata keçirilməsə də onu fikirləşmək və xəyal etməyin hökmü nədir? Xüsusilə, Allahın varlığı və birliyi, axirət günü, cənnət-cəhənnəm və s. etiqadi məsələlərdə şeytanın vəsvəsələri və bilgi əskikliyindən qaynaqlanan suallarla zehni məşğul etmək günah sayılırmı? Bunun qarşısı necə almaq olar? Həmçinin sosial həyatda insanlara qarşı şər bir əməl etməsə də, onu etməyi düşünmənin bir məsuliyyəti varmı? Hətta bu suallara yuxarıda keçən Əliabbasın yuxusunu da əlavə etmək olar. Mənəviyyatımıza görə bu hallarda insan məsuliyyət daşıyırmı?

Asqırma, əsnəmə, göz qırpma, nəfəs alma və başqa bir sıra reflekslər insan iradəsinin xaricində baş verdiyi kimi, insan xəyalında canlanan düşüncə və fikirləri də tamamilə öz iradəsi altına ala bilmir. Bir məqam var ki, asqırma, əsnəmə və s. refrekslərin müəyyən qədər (yükəsk səslə və başqalarına tərəf asqırmama, əsnəyərkən ağzı əlin üst hissəsi ilə tutma və s.) ədəb və əxlaq çərçivəsinə salmaq mümkün olduğu kimi, fikir və düşüncə aləmində baş verənləri də tərbiyə etməyimiz mümkündür.

Şeytan insanlara şər və çirkinliklərin xəyal edilməsini, bunları təsdiq və qəbul edilmiş kimi göstərərək insanları ümidsizliyə düşürür. Güzgüdə əks olunmuş bir ilan sancmaz, güzgüyə yansıyan atəş insanları yandırmaz, ya da güzgüdə görünən pis və kirli bir şey ərtafa pis qoxu yaymaz. Eynilə bunun kimi uca dinimiz İslamda xəyal və düşüncə aynasında əks olunan (həyata keçirilməmiş) şər əməllər, pis niyyətlər (bunlar real həyatda tətbiq edilmədikcə) günah sayılmır və insan bunlara görə məsuliyyət daşımır.

Şeytanın bu gizli oyunu və hiyləsi ilə baş-başa qalan insan, Allaha olan imanında bir pozulma və ya azalma olduğunu düşünər. Bəzən də şeytan qəlbə şübhə və vəsvəsə toxumları əkərək Cənabı-Allah haqqında yalnış fikirlər gətirər. Bu zaman insan təşvişə düşərək qorxar. Qəlbi kirlənib qatılaşdığı üçün bu cür şeylərin ağlına gəldiyini zənn edər. Halbuki onun təşvişə düşərək qorxması əslində o cür fikir və düşüncələrlə razılaşmadığının bir dəlilidir.

Belə hallarda şeytan insana: “Sənin istedad və qabiliyyətin haqq, həqiqət və iman üçün yetərli deyil. Bu səbəblə batil və çirkin şeylər düşünürsən. Deməli, sənin qədərində (tale, alın yazında) xəta və yalnış işlər görmək var” deyər. Çarəsiz qalmış insan da Allahın onu bağışlaması barədə ümidsizliyə düşər. İnsan üçün əsl fəlakət də elə məhz bu ümidsizlik halıdır. Allahın onu əfv edib bağışlamayacağını düşünməsidir. Şeytan da etdiyi vəsvəsə və hiylələri ilə insanı bu nöqtəyə çəkmək istəyir.

Uca Allahın kəlamı olan Qurani-Kərim və insanların mənəvi yaralarına məlhəm və dərman olan Hz. Peyğəmbərimizin (s.a.v) sünnəsi şeytanın yuxarıda sadalanan hiylə və tələsinə düşməmək üçün sığınacağımız mənəvi bir qala, rəhbər və yol göstəricimiz olmalıdır.

Sonda mövzu ilə bağlı aşağıdakı iki hədisə nəzər sala bilərik...

“Allah ümmətimin qəlblərindən keçirdikləri şeyləri dilləri ilə söyləmədikcə və felən icra etmədikcə bağışlamışdır” (Müslim, İman, 201-202).

“Kim bir yaxşılıq etməyi düşünər, ancaq onu etməzsə, Allah ona bir savab yazar. Əgər düşündüyü yaxşılığı edərsə, ona yeddi yüz mislinə qədər savab yazılır. Kim bir şər əməl etməyi düşünər və onu etməzsə, ona günah yazılmaz. Ancaq düşündüyü şər əməli edərsə, bir günah olaraq yazılar” (Müslim, İman, 204-207).

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top